Bakubus-ın marşrut xəttinə daha bir elektrik avtobusu buraxıldı.
Ekoloji təhlükəsizlik, ictimai nəqliyyatın atmosfere zərərli tullantılarının azaldılması bu sahənin əsas prioritetlərindən biridir
Belə ki, Bakının marşrut xəttinə daha bir elektrik mühərrikli avtobus buraxılmışdır. Elektrik avtobusu “BakuBus”-ın istismarında olan 5 nömrəli marşrut xəttində hərəkət edir. Uzunluğu 24.4 km olan marşrut xətti 20 ci Sahə-Nərimanov istiqamətində fəaliyyət göstərir.
Məlumat üçün bildiririk ki, dünyanın aparıcı elektrik mühərrikli avtobuslar istehsalçısı olan Çinin ZhongTong Bus şirkətindən test məqsədilə alınan 1 ədəd elektrik avtobusu 12 metrlikdir. 34 sərnişin oturacağına malik avtobusun ümumi sərnişin tutumu 80 nəfərdir. Batareya gücü 373 kVt/saat olan avtobus tam enerji dolumunda 250 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir.
Test müddətində elektrik avtobusunun Bakı şəhərinin mövcud relyefinə uyğunluğu yoxlanılaraq qiymətləndirilməsi aparılacaq. Testin nəticələrinə əsasən elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında tətbiqi ilə bağlı təklif hazırlanaraq hökumətə təqdim ediləcəkdir.